...

Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyası yaradılıb (FOTO/VİDEO)

Gündəm Materials 21 Dekabr 2021 20:25 (UTC +04:00)

Bakı. Trend:

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi digər sahələrdə olduğu kimi səhiyyə sistemində də nailiyyətlərin qazanılmasında, hər bir vətəndaşımızın, hərbi qulluqçularımızın və ailə üzvlərinin sağlamlıqlarının qorunmasında mühüm rol oynayır. Bu gün Naxçıvan Muxtar Respublikasında səhiyyə sisteminin təkmilləşdirilməsi və inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Naxçıvan Muxtar Respublikasında daimi fəaliyyət göstərən ştatlı Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyası və həkim-uçuş komissiyasının yaradılması da həyata keçirilən genişmiqyaslı islahatların bəhrəsidir. Naxçıvan Qarnizonu Mərkəzi Hospitalında keçirilən yeni yaradılmış komissiyanın təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasında yerləşən qoşun və orqanların, nazirliklərin və digər aidiyyatı qurumların rəhbər heyəti, Əlahiddə Ümumqoşun Ordunun hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin “Hərbi həkim” ixtisasının tələbələri iştirak ediblər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təqdimat mərasimində Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev komissiyanın yaradılmasının əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodrom kompleksi ilə yanaşı Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının da açılışını edib və burada yaradılan şəraitlə tanış olub. Yeni 5 mərtəbəli binada hərtərəfli şərait mövcuddur və bu da Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyasının və həkim-uçuş komissiyasının fəaliyyətinə geniş imkanlar açır. Sülh və müharibə dövrlərində Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən ordu, birlik, birləşmə və hissələrində, hərbi təhsil müəssisələrində, hüquq-mühafizə orqanlarında tibbi şəhadətləndirilməni və hərbi-həkim ekspertizasını keçirmək Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyasına həvalə olunub.

General-polkovnik Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikasının ərazisində hərbi xidmətə (orqanlara) könüllü daxil olan Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılıq kateqoriyasının, hərbi qulluqçuların və vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla) səbəb əlaqəsinin operativ şəkildə təyin edilməsi, eləcə də hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə aid digər məsələlərin mərkəzləşdirilmiş qaydada Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyasında və həkim-uçuş komissiyasında öz həllini tapacağını qeyd edib.

Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyasının rəisi, tibb xidməti polkovniki Tarqulu Tarquluyev komissiyanın tərkibi və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Komissiyanın rəisi bildirib ki, hərbi xidmətə könüllü daxil olan vətəndaşların, orqanlara xidmətə daxil olan vətəndaşların, hərbi qulluqçuların, orqanlarda xidmət keçən və xidmət keçmiş vətəndaşların, ixtisas təhsilli hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan vətəndaşların, Heydər Əliyev adına Hərbi Liseyə daxil olan və liseydə təhsil alan vətəndaşların, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinə daxil olan vətəndaşların, hərbi toplanış keçən və keçmiş vətəndaşların, hərbi xidmət keçmiş vətəndaşların, Azərbaycan Ordusunda və orqanlarda ehtiyatda olan vətəndaşların, müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulardan başqa hərbi qulluqçuların ailə üzvlərinin, orqanlarda xidmət keçən şəxslərin ailə üzvlərinin, qoşunların və orqanların uçuş heyətinin, ehtiyatda olan uçuş heyətinin qanunvericiliyə uyğun olaraq tibbi şəhadətləndirilməsi yeni yaradılan komissiyada aparılacaq. Xəsarətlərin və xəstəliklərin, ölümlə nəticələnmiş xəsarətlərin və xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi, vətəndaşların hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqları an üçün hərbi xidmətə yararlılıq kateqoriyasının təyin edilməsi, hərbi qulluqçuların və orqanlarda xidmət keçən vətəndaşların nəqliyyat vasitələrini idarə etməyə yararlılığının təyin edilməsi komissiyaya həvalə olunub.

Tədbirin sonunda Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev muxtar respublikada yerləşən qoşun və orqanların heyətləri adından göstərilən qayğıya və yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlıq edib və yeni yaradılan komissiyanın fəaliyyətinə uğurlar arzulayıb.

Təqdimat mərasimindən sonra tədbir iştirakçıları Naxçıvan Qarnizonu Mərkəzi Hospitalında yaradılan şəraitlə və Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyası və həkim-uçuş komissiyasının fəaliyyət göstərəcəyi xidməti otaqlarla tanış olublar, komissiyaya və Naxçıvan Dövlət Universitetinin “Hərbi həkim” ixtisasının tələbələrinə ayrılmış nəqliyyat vasitələrinə baxıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti