Bakı. Samir Əli - Trend:
Səbail rayon məhkəməsində sabiq deputat Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətlə bağlı məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən iclasda şikayət olunan şəxs məktub göndərərək üzrlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini deyib.
Xüsusi ittihamçı Kamal Əliyev şikayətlə bağlı bildirib ki, məhkəməyə şikayət verdikdən sonra Elton Məmmədov "YouTube" kanallarından birində çıxış edərək onu yenidən təhqir edib.
Məhkəmə xüsusi ittihamçısının ərizəsini baxılmamış saxlayıb.
E.Əliyev məhkəmədə iştirak edə bilmədiyi üçün iclas fevralın 9-na təxirə salınıb.
Qeyd edək ki, E.Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət olunub. Səbail Rayon Məhkəməsinə müraciət edən şikayətçi E. Məmmədovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb edib.
Xatırladaq ki, Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.