Bakı. Trend:
2022-ci ilin 14 iyul tarixində Mingəçevir Dövlət Universitetinin
(MDU) rektoru Şahin Bayramov Qazaxıstanın Almatı şəhərində yerləşən
Abay adına Qazax Milli Pedaqoji Universitetində (Abay Universiteti)
olub.
Abay Universitetinin rektoru Darxan Bilalov ilə görüşdə
universitetlər arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılması
və inkişaf etdirilməsi barədə geniş fikir mübadiləsi aparılıb.
Dost Azərbaycanı təmsil edən MDU ilə əməkdaşlıq əlaqələrinin qurulmasından məmnunluğunu ifadə edən D.Bilalov ölkənin 95 ilə yaxın inkişaf tarixinə malik ən qocaman ali təhsil müəssisəsi olan Abay Universiteti haqqında məlumat verib. Qeyd edib ki, hazırda QS Dünya Universitetləri Reytinqində 511-520-ci yerləri bölüşdürən Abay Universitetinin 8 institutunda 16 mindən çox tələbə təhsil alır.
Yaxın perspektivdə Mərkəzi Asiyada pedaqoji təhsilin lider universitetinə çevrilməyi hədəflədiklərinii qeyd edən D.Bilalov rəhbərlik etdiyi ali təhsil müəssisəsində pedaqoji kadrların hazırlanmasında tətbiq olunan müasir yanaşmalardan bəhs edib və ikitərəfli əməkdaşlığın önəmini diqqətə çatdırıb.
Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən MDU-nun rektoru
Ş.Bayramov təmsil etdiyi universitetin strateji hədəflərindən və
başlıca fəaliyyət istiqamətlərindən söhbət açıb. Bildirib ki,
yerləşdiyi regionun təhsil və innovasiya ekosisteminin drayverinə
çevrilməyi əsas hədəflərindən biri kimi müəyyən edən MDU-da
mühəndislik və iqtisadiyyat istiqamətləri ilə yanaşı, pedaqoji
profilli kadrların hazırlığı da həyata keçirilir.
Müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi və akademik
potensialın inkişafı sahəsində MDU-da görülən işlərdən bəhs edən
Ş.Bayramov Abay Universiteti ilə əməkdaşlıq potensialını yüksək
qiymətləndirib və işbirliyinin davamlı olacağına inandığını
söyləyib.
Müzakirələrdən sonra, MDU ilə Abay Universiteti arasında Anlaşma
Memorandumu imzalanıb. Memorandum universitetlər arasında tələbə və
müəllim mübadiləsi, birgə tədqiqatların aparılması, tədris-metodiki
fəaliyyət sahəsində təcrübə mübadiləsi, akademik və inzibati heyət
üzvlərinin ixtisaslarının artırılması, ortaq konfrans və
seminarların keçirilməsi, qarşılıqlı mühazirələrin təşkili,
Erasmus+ layihələrində birgə iştirak və digər istiqamətlərdə
əməkdaşlığın həyata keçirilməsini nəzərdə tutur.
Daha sonra, qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkilləri
çəkdirilib.
Görüşdə Abay Universitetinin prorektorları və institut direktorları
da iştirak ediblər.
Rəsmi hissədən sonra MDU-nun rektoru Ş.Bayramov Abay
Universitetinin tədris infrastrukturu və elmi potensialı ilə tanış
olub.
Səfər çərçivəsində Ş.Bayramov Abay Universitetinin bir qrup professor-müəllim və tələbə heyəti üçün “Yeni dövrün universitetinə çevrilərkən (MDU nümunəsində)” mövzusunda seminar verib. Böyük maraqla qarşılanan seminarda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, bundan öncə MDU ilə Qazaxıstanın Türkistan şəhərində yerləşən Ahmet Yesevi Universiteti arasında da əməkdaşlığın əsası qoyulub.