Bakı. Trend:
Son illər ölkə ərazisində meşə yanğınlarının sayı artıb.
Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar bununla bağlı mütəmadi marifləndirmə tədbirləri keçirməsinə, əhaliyə çağırışlar etməsinə baxmayaraq yanğınlar yenə də baş verməkdədir.
Əsasən yay aylarında baş verən yanğın hadisələri bu il daha çox olub. Əksər yanğın hadisələrinin baş verməsinə səbəb isə insan amilidir. Bilərəkdən və ya ehtiyatsızlıqdan baş verən yanğınlarda onlarla hektar meşə sahəsi yanaraq məhv olub.
Yanğınlar əsasən yay aylarında yerli və xarici turistlərin istirahət zonalarına səfər etməsi, orada ocaq yandırarkən təhlükəsizlik tədbirlərinə əməl etməməsidir. Digər səbəb isə bəzi işbazların meşə ərazilərində kömür istehsalı üçün qanunsuz ocaqxanalar quraşdırması, orada təhlükəsizlik tədbirləri görmədən kömür istehsal etməsidir.
Bu cür qanunsuzluqların qarşısını almaq üçün daha hansı tədbirlər görülə bilər?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasov bildirib ki, təmsil etdiyi qurum bu hadisələrin qarşısını almaq üçün kifayət qədər marifləndirici və qabaqlayıcı tədbirlər həyata keçirib.
“Bu ilin 7 ayı ərzində 750-dən artıq təbliğat-təşviqat tədbirləri həyata keçirilib. Aidiyyəti qurumlarla birgə keçirilən bu tədbirlərin əsas məqsədi yanğınların qarşısını alınması üçün qabaqlayıcı tədbirlər görmək, insanları, fermerləri marifləndirmək, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırmaq olub. Bəzi hallarda fermerlər yay biçinindən sonra biçilmiş sahələri yandıraraq guya torpağa gübrə effekti yaratmaq istəyirlər. Amma əksinə, bu proses torpağın münbit qatını daha da yandırır, münbit qatdakı mineralları məhv edir. Biz dəfələrlə bu cür marifləndirmə tədbirləri keçirsək də, bu tədbirlərin nəticəsi o qədər də effektiv olmur. Bəzi hallarda aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq edirik, xəbərdarlıqlar yazırıq.
Bildiyimiz kimi, yay mövsümündə bütün dünyada qlobal istiləşmə prosesi ərəfəsində bu təhlükə bizim də ölkədən yan keçmir. Amma bu yanğınların indsan amilinə gətirib çıxarması bir nömrəli problemdir. Yay aylarında vətəndaşlar bölgələrə səfər edən zaman siqaret çəkərkən sonda onu söndürmədən yerə atır. Nəzərə alsaq ki, həmin ərazidə 40 dərəcədən yüksək temperatur var və yol kənarındakı kol-koslar, quru otlar həmin siqaret közündən alışmağa meyllidir. Eyni zamanda biz mütəmadi olaraq vətəndasşların şüşə qırıntılarını, boş şüşələri yol kənarına atmamağa çağırırıq. Çünki, yüksək temperaturda günəş şüalarının şüşə məmulatları ilə fokslaşması nəticəsində də yanğın hadisələri baş verə bilir. Digər mühüm amillərdən biri isə budur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılmış xüsusi zonalar var ki, yay aylarında həmin ərazilərdə yanğın təhlükəsizlik qaydalarına nəzarət olunur. Vətəndaşlar üçün piknik zonaları da həmin ərazilərdə nəzərdə tutulsa da, təəssüf ki bəzi hallarda vətəndaşlar nəzərdə tutulmayan ərazilərdə pikniklər təşkil edirlər. Həmin yerlərdə yandırılan ocaqlar nəzarətsiz qalır, sonda həmin ocaqlar sönürülmədən onlar ərazini tərk edir. Nəzərə alsaq ki, yay mövsümündə ağacların qurumuş, yerə tökülmüş yarpaqları yanmağa meyllidir, ocaq tam söndürlümədiyi halda kiçik bir mehin təsirindən ocaqdakı közlər qurumuş otların, yarpaqların üzərinə düşməsi nəticəsində yanğın baş verir. Bu da ərazidə meşə sahəsinin yanmasına gətirib çıxarır”,-deyə xidmət rəisi bildirib.
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən 2021-2022-ci illərdə bir çox tədbirlər həyata keçirildiyini bildirən H. Abbasov qeyd edib ki, onlardan biri də qəsdən yanğın törədilməsinin müəyyən edilməsidir: “2022-ci ildə 10-dan artıq qəsdən yanğın törədilməsi faktı aşkar edilib. Bu faktların içərisində həm öz əkin sahələrini qəsdən yandırma, həm ərazisini kol-kosdan təmizləyib onları bir yerə yığıb yandırma və meşəyə yaxın ərazilərdə ocaq qalayıb ocağı nəzarətsiz qoymaq da var.
Bu faktorlardan daha kəskini isə meşə sahələrində qanunsuz odun kömürü istehsal edən ocaqxanaların olmasıdır. 2022-ci ildə 23 bu cür fakt aşkar etmişik. Qanunvericilik normalarına əməl edilmədən, heç bir sənədi olmadan meşənin tən ortasında, bəsi hallarda meşəyə yaxın ərazilərdə bu tipli ocaqxanalar yaradaraq kömür istehsal edirlər. Onlar dünmürlər ki, bu hallar hansı faciələrə səbəb ola bilər.
Bu ilin müvafiq dövründə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən meşə ərazisində 13 ocaqxana aşkar olunub. Həmin ocaqxana sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimə edilib və barələrində hüquqi müstəvidə tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib.
Buna görə də fürsətdən istifadə edərək vətəndaşlara müraciət etmək istəyirəm ki, rayonlara səyahət edərkən bu cür amillərə diqqət yetirsin, xüsusi ayrılmamış yerlərdə pikniklər etməsin, müəyyən olunmamış yerlərdə ocaq qalamasın, ocağın tam sönməsinə əmin olmadan, ocaq yerini torpaqla örtmədən ərazini tərk etməsinlər.
Meşələrdə qanunsuz ocaqxanalar yaradan şəxslərə isə bildirmək istəyirəm ki, bu ocaqxanalar yaradaraq pul qazanmaq istəyənlərin kimlərinsə belə hərəkəti bizim üçün, xalqımız üçün böyük bir faciəyə səbəb olur. Bu bir cinayətdir, bu cür hallara yol vermək olmaz”.
Xidmət rəisinin dediyinə görə, bəzən cəmiyyətdə yanğınlarla bağlı rəqəmlər səhv salınır və bu da ictimaiyyəti çaşdırır.
“Fövqəladə Hallar Nazirliyinə vətəndaş tərəfindən yanğınla bağlı olunan bütün müraciətlər əsasında yanğın yerinə çıxış olur. Amma bir çox hallarda yanğınla bağlı məlumatlar əsasız olur. Bu yanğın sayılmır. Məsələn, 2022-ci ilin müvafiq dövründə 1264, 2021-ci ilin müvafiq dövründə isə 1440 yanğın hadisəsi baş verib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il 12,2 faiz az yanğın hadisəsi qeydə alınıb. Bu rəsmi statistik yanğın hadisələridir”,-H. Abbasov deyib.