...

Axirət əzabından xilas olmaq üçün Aqil Babayevə 7 min 200 manat zəkat verdim - Zərərçəkmiş

Gündəm Materials 29 Noyabr 2022 17:42 (UTC +04:00)
Axirət əzabından xilas olmaq üçün Aqil Babayevə 7 min 200 manat zəkat verdim - Zərərçəkmiş

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində özünü "12-ci imam" kimi təqdim edib 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən proses jurnalistlərə qapalı olub.

Trend-in məlumatına görə, prosesdə zərərçəkmiş qismində ifadə verən Azər İslamov bildirib ki, Aqil Babayevi 2003-cü ildən qohumunun vasitəsilə tanıyıb: "Aqili 19 il bundan əvvəl əmim oğlu Fuad vasitəsilə tanımışam. Mənə özünü İmam Mehdi kimi təqdim edirdi. O, özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyirdi. Axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayırdı. Hər zaman mənə deyirdi ki, dinin əsas qaydalarından biri odur ki, zəkat verim. Ona görə də 2007-2012-ci illər arası zəkat verməyə başladım. Mənə deyirdi ki, bu zəkatlar imkanı məhdud və şəhid ailələrinə yardım edilməsi üçün yığılır. Bir müddət maddi sıxıntım oldu, zəkat verə bilmədim. Lakin 2017-2021-ci illərdə yenidən zəkat verməyə başladım. Ümumilikdə, 7 min 200 manat zəkat vermişəm. 2021-ci ildə artıq hamımız anladıq ki, bu insan dələduzluq edir".

A.Babayev elan olunan ittiham üzrə özünü təqsirli bilməyib. O deyib ki, bu işdə zərəçəkmiş olan A.İslamovu özünə sürücü vəzifəsinə götürüb və müəyyən maddi yardımlar edib: "Özümə sürücü götürmüşdüm. Onun yaşadığı evi də mən almışam".

Məhkəmənin növbəti iclası dekabrın 13-nə təyin edilib.

Qeyd edək ki, A.Babayev zərərçəkmişlərə ümumilikdə 2 milyon 500 min manat miqdarında ziyan vurub.

İttihama görə, A.Babayev inanclı insanlar arasında özünü zühur etmiş "12-ci İmam Mehdi" kimi təqdim edib. O, təşkil etdiyi dini məclislərdə guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan A.Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb.

Hətta A.Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib, onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb. O, topladığı vəsaitlər hesabına xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. A.Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

A.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

O, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.

Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti