...

Əməkdar artist Cavanşir Məmmədova qarşı dələduzluqla bağlı növbəti məhkəmə prosesi olub

Gündəm Materials 8 Dekabr 2022 17:36 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əməkdar artist Cavanşir Məmmədova qarşı dələduzluqda təqsirləndirilən Kemal Mustafa İbilinin işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Rüfət Məmmədov bildirib ki, Mustafa İbilini Rəfiqə Qafarovanın vasitəsi ilə tanıyıb.

"Rəfiqə xanım dedi ki, Mustafa onlayn bizneslə məşğuldur, səhmlər alıb satır. Dedi ki, özü də xeyir götürür, sənə də qazandırır. Mən də ona inanıb Mustafaya 5000 manat vermişdim. Demişdi ayda 250 manat verəcəm. 4 ay 250 manatdan verdi. Daha sonra Yasamal rayonu ərazisində ASAN xidmətin binasının qarşısında görüşüb yenidən ona 5 min manat verdim. Dedi ki, ayda 500 manat verəcək. Həqiqətən də 2 ay 500 manat verdi. Sonradan dedi ki, 500 manat vermək imkanı yoxdur, ayda 250 manat verəcək. Mən də razılaşmadım, pulumu geri istədim. Həmin vaxt pulumu qaytarmadı. Bir müddətdən sonra 5 min manatımı qaytardı, dedi ki, qalan 5 min manatı da Türkiyəyə gedib gələndən sonra qaytaracaq. Dedi ki, kartı blok olunub və buna görə o Türkiyəyə getməlidir. Qalıq pulumu çox gec qaytardı", - şahid bildirib.

Şahidin ifadəsinə etiraz edən təqsirləndirilən şəxs Mustafa İbili bildirib ki, o R.Məmmədova bir il yarım pul ödəyib: "Əvvəlcə 250 manat, sonra isə hər ay 500 manat ödəmişəm. Rüfət Məmmədova bu gedişlə bir il yarım pul ödəmişəm".

Prosesdə iştirak edən digər şahid Xalidə Məmmədova da deyib ki, Mustafa İbilini Cavanşir Məmmədov vasitəsi ilə tanıyıb: "Mustafa Cavanşir müəllimlə toy danışmaq adı ilə bizə gəlib, onda tanımışam. Bir dəfə Mustafa bizə gələndə dedi ki, onlayn ticarətlə məşğuldur. Pul verirsiz, mən də qazanıram, sizi də qazandırıram. Biz də verdik. Əvvəlcə az məbləğ verdik. Sonradan etibarımızı qazandı, məbləği artırdıq. Normal pul verirdi. Sonradan birdən-birə pulu vermədi. Əvvəl münasibətlərimiz də yaxşı idi. Mustafa hətta kreditlə ev də almışdı özünə. Sonradan belə hərəkət elədi, pulumuz qaytarmadı".

Prosesdə ifadə verən digər şahid Bəxtiyar Məmmədov isə bildirib ki, Mustafa İbilini Cavanşir Məmmədovun iş ortağı kimi tanıyıb: "Cavanşir Məmmədov dedi ki, sənin adınla Türkiyəyə iş ortağına pul göndərmək istəyirəm. Mən də razılaşdım. Pulu Cavanşir müəllimdən alıb hər dəfə özüm göndərirdim. Bir neçə dəfə 1000 dollar Mustafanın adına göndərmişəm".

Proses dekabrın 22-də davam etdiriləcək.

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti