Kəlbəcər. Trend:
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Kəlbəcər rayonunun Çıraqlı kəndinə media nümayəndələrinin səfəri təşkil olunub.
Trend-in Qarabağ bürosunun məlumatına görə, KİV nümayəndələrinin təhlükəsizliyini təmin etmək üçün ANAMA-nın əməkdaşları da səfərdə iştirak edir.
Səfərin məqsədi erməni hərbi birləşmələrinin mina basdırdıqları ərazilərlə tanış etmək və onların terror hərəkətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.
Qeyd edək ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub.