Şuşa. Trend:
Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus humanitar avtomobil və təcili yardım maşını Laçın yolundan maneəsiz şəkildə hərəkət edib.
Bu barədə Trend-in Şuşaya ezam olunmuş əməkdaşı məlumat verir.
Bu gün daha öncə də rus sülhməramlılarından birinin ailə üzvləri avtomobillə Xankəndidən Laçın istiqamətinə hərəkət ediblər.
Bu, bir daha göstərir ki, yol humanitar məqsədlər üçün açıqdır. Etirazçılar bəyan edirlər ki, bütün mülki ermənilərin, o cümlədən dinc ermənilərin - qocaların, qadınların və uşaqların keçidi üçün bərabər şərait yarada bilərlər. Təəssüflər olsun ki, Ruben Vardanyan onları buraxmır, bura gəlməsinə mane olur və bilərəkdən saxta məlumatlar yayır ki, guya Azərbaycan tərəfi dinc əhaliyə qarşı humanitar böhran yaradır.
Xatırladaq ki, dekabrın 4-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandan Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.