Bakı. Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əməkdar artist Cavanşir Məmmədova qarşı dələduzluqda təqsirləndirilən Kemal Mustafa İbilinin işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid bildirib ki, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyir. O qeyd edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan pul alıb: "Pulları Cavanşir Məmmədov yaxınlarının iştirakı ilə Mustafaya evində təqdim edib. Daha sonra həmin pullar "Yapıkredibank" vasitəsilə Mustafa İbilinin hesabına göndərilib.
Məhkəmədə Cavanşir Məmmədovun vəkili prosesin qapalı
keçirilməsini istəyib. Bildirib ki, C.Məmmədov tanınmış şəxsdir və
şəxsi münasibətlər onun nüfuzuna xələl gətirir.
Cavanşir Məmmədov vəkilin vəsatətini müdafiə edib. Proses qismən
qapalı keçirilib.
Daha sonra vəkillərin suallarını cavablandıran şahid bildirib ki, Mustafa İbili aldığı pullardan 35 min dollar əldə edilən gəlir kimi Cavanşir Məmmədova qaytarıb. Daha sonra isə o, Bakı şəhər Baş Polis İdarəsində saxlanılarkən 10 min dollar ödəyib.
Təqsirləndirilən şəxsin vəkili Ziya Qənbərov isə bildirib ki, Mustafa "Gunaybank"dan 48 min 800 dollar, "Yapıkredibank"dan 50 min 600 dollar, digər bir bankdan isə 120 min dollar çıxarıb. Həmin pullar Bakıda çıxarılıb və Türkiyəyə göndərilməyib".
Mustafa İbili bildirib ki, banklardan bütün pulları Bakıda çıxarıb və həmin pulları qarşı tərəfə xərcləyib: "Mən bankdan 150 min dollar, 50 min 600 dollar və 48 min 800 dollar çıxarmışam və mənim Cavanşir Məmmədova borcum yoxdur. Pulları qarşı tərəfə xərcləmişəm".
Şahid isə bildirib ki, təqsirləndirilən şəxs Cavanşir Məmmədova pul verməyib: "O bizə pul xərcləməyib".
Proses fevralın 2-də davam etdiriləcək.
Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.