Bakı. Trend:
Qardaş Köməyi Platformasının nümayəndə heyəti 22-25 mart tarixlərində Türkiyədə zəlzələ bölgəsinə növbəti dəfə səfər etməyi planlaşdırır.
Bu haqda Trend-ə platformadan daxil olan məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, Türkiyədəki zəlzələdən sonra təsis edilən Qardaş Köməyi Platforması bundan sonra da qardaş ölkədə ehtiyacı olan insanlara köməklik göstərəcək.
“Qardaş Köməyi Platforması nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı zəlzələ bölgəsinə yeni yardımların aparılması da nəzərdə tutulur”, - deyə platformadan bildiriblər.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 48 min nəfərə çatıb.