Bakı. Trend:
Azərbaycanda keçirilən bu beynəlxalq konfrans bütün dünyaya göstərir ki, burada sırf islamofoboya ilə mübarizə üçün bütün parametrlərdə təhlil və müzakirələr aparılır.
Trend-in məlumatına görə, bu barədə Misir Baş Müftisinin baş müşaviri, Ümumdünya Fətva Orqanlarının Baş katibi İbrahim Nəgim İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransında "Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin qurulması" mövzusunda keçirilən iclasda çıxışı zamanı deyib.
O qeyd edib ki, 1,8 milyard olan müsəlmanlar özlərinə qarşı bu cür islamofobik təhdidlər ətrafında bərabər mübarizə aparmalıdır.
“Biz bu məsələ ilə bağlı məsuliyyətdən çəkinməməli, məsuliyyəti üzərimizə götürməli və dünyaya həqiqi İslamı çatdırmaq üçün nə lazımdırsa, etməliyik. Biz müşahidə təsisatı yaradıb islamofobiyanı müşahidə etdik. Bu, ümumilikdə nifrət hallarının 24 saatlıq monitorinqi deməkdir. Biz artıq bunu edirik. Həmçinin, elmi tədqiqatlar da artırılmalıdır”, - deyə o əlavə edib.
Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparırlar.