Bakı. Trend:
Qatarların intervalının qısaldılması üçün nə mümkün variantlar varsa, biz onları tətbiq edirik.
Bu gün “Koroğlu” metro stansiyası ən çox istifadəçisi olan stansiyamızıdır. Baxmayaraq ki, həmin ərazidə nəqliyyat qovşağı da yerləşir, amma bu stansiyamız son 5 ildə sərnişindaşımada lideridir. Ondan əlavə “28 May”, “Elmlər Akademiyası” və digər stansiyalarımız sərnişindaşımada xüsusi rol oynayır.
Bunu Trend-ə özəl müsahibəsində “Bakı Metropoliteni”QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.
Onun sözlərinə görə, Hazırda “Həzi Aslanov”la “28 May” arasında 2 dəqiqəlik intervalla işləyirik.
"Günorta saatlarında “Dərnəgül” istiqamətində 13:18-də olmaqla bir ehtiyat qatarı xəttə buraxırıq ki, sıxlığı maksimum nizamlaya bilək. Bu üsul kifayət qədər effekt verib. Müntəzəm olaraq monitorinqlər aparırıq və maksimum çıxış yolları tapmağa çalışırıq. Təəssüf ki, bu gün hazırkı qrafikdə daha az interval tətbiq etmək mümkün deyil. Xüsusən depomuzun xəttin ortasında yerləşməsi qrafikə dəyişiklik edilməsi baxımından ciddi problem yaradır. Sıxlığın aradan qaldırılması istiqamətində “28 May” stansiyasında xətlərin ayrılması və bundan irəli gələn digər məsələlər, ümumilikdə isə xətlərin uzadılması vacibdir.
Hətta bəzən bildirirlər ki, qatarlarda vaqonların sayı artırılsın. Təəssüf ki, bu da texniki cəhətdən mümkün deyil, çünki bizim platformaların uzunluğu qısadır, bu mümkün deyil. Yəni vaqon sayından asılı olmayaraq, intervalları azaltmaq, daha çox vaqonlu qatarlara keçmək mümkün deyil.
Bu gün Bakı metropoliteni mövcud imkanlarından maksimum istifadə edərək sərnişinlərin təhlükəsiz daşınmasını həyata keçirir. Ulu Öndər Heydər Əliyevin də vurğuladığı kimi Bakı metropoliteni bizim milli sərvətimizdir və bizim də əsas amalımız bunu qoruyub, inkişaf etdirib gələcək nəsillərə çatdırmaqdır", - deyə H.Məmmədov əlavə edib.