Bakı. Trend:
07 noyabr 2023-cü il, Bakı – Heydər Əliyev Beynəlxalq Aeroportu
ziyarətçilərinə nəqliyyat vasitələrinin sürətli giriş-çıxışını və
parklanma üçün rahat ödəniş üsullarını təmin edən innovativ xidmət
təqdim edir.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Trend-ə
verilən məlumata görə, artıq parkinq haqqını həm ödəniş
terminallarında, həm də onlayn şəkildə ödəmək mümkündür. Bunun üçün
ziyarətçilər avtomobillərini tərk etmədən mobil cihazları
vasitəsilə “Tezödə” və “AzParking” platformalarından istifadə edə
bilərlər.
Həmçinin parklanma üçün ödənişi hava limanında yerləşən ödəniş
terminallarında nağd və nağdsız (bank kartları ilə) həyata keçirmək
mümkündür. Hava limanına giriş/çıxışda plastik kartlardan istifadə
ləğv edilib və əvəzində nəqliyyat vasitələrinin dövlət qeydiyyat
nişanlarının avtomatik tanınması sistemi tətbiq edilib. Bu isə
prosesi rahat və sürətli edərək sərf olunan vaxtı əhəmiyyətli
dərəcədə azaldır.
Bununla yanaşı, ərazinin ziyarətçilər tərəfindən daha səmərəli
istifadəsi üçün Heydər Əliyev Beynəlxalq Aeroportunun inkişaf
strategiyası çərçivəsində perspektivdə parklanma zonasının
genişləndirilməsi və əlavə yerlərin tikintisi nəzərdə tutulub.
Qeyd edək ki, istifadəçilərinin əksəriyyəti nəqliyyat vasitələrini
qısamüddətli – 2 saata qədər park edənlər təşkil edir. Bunu və
hazırda dayanacaq yerlərinin məhdudluğunu nəzərə alaraq Bakı hava
limanı prioritet olan qısamüddətli istifadəçilər üçün daha çox
parklanma yerlərinin təmin olunmasına çalışır. Buna əsasən yalnız
uzunmüddətli park edilmiş nəqliyyat vasitələri üçün 07.11.2023- il
tarixindən tariflərə dəyişikliklər edilir, lakin qısamüddətli
istifadəçilər üçün tariflər dəyişməz olaraq qalır.
Yeni sistemin tətbiqi ilə bağlı suallar yarandığı təqdirdə ilkin
mərhələdə məsul əməkdaşlar ərazidə ziyarətçilərə lazımi dəstək
göstərəcək və ya https://airport.az/az/transport/parking/ linkinə
keçid edərək əlavə məlumat əldə etmək mümkündür.
Xatırladaq ki, ilk 15 dəqiqə üçün nəqliyyat vasitələrindən ödəniş
tələb edilmir. Sərnişinlərin gediş/gəliş proseslərini daha da
komfortlu və çevik etmək üçün xüsusi zolaqlar - "drop off"/ “pick
up” onların ixtiyarındadır.