...

Azərbaycan önəmli konvensiyaların icrasında özünü aparıcı dövlət kimi göstərir - COP29 prezidenti

Gündəm Materials 18 Sentyabr 2024 00:19 (UTC +04:00)
Azərbaycan önəmli konvensiyaların icrasında özünü aparıcı dövlət kimi göstərir - COP29 prezidenti
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan önəmli konvensiyaların icrasında özünü aparıcı dövlət kimi göstərir.

Trend xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AzTV-nin “Hədəf” verilişində deyib.

"Azərbaycan regionda ən çox beynəlxalq konvensiyalara qoşulan ölkələrdəndir - 20 konvensiyaya qoşulmuşuq. Konvensiyalar, demək olar ki, ətraf mühitin mühafizəsi və iqlim problemləri üzrə əsas konvensiyalardır. Onların icrası Azərbaycanda uğurla həyata keçirilir və Azərbaycan bu sahədə aparıcı dövlət kimi özünü göstərir. Burada biz buna bir ölkə kimi yox, regional əməkdaşlıq formasında baxırıq. Biz bu işləri həm bizim regionda - Qafqaz regionunda, həm də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatında həyata keçiririk. Belə böyük bir tədbir (COP29) ilk dəfədir bizim regionumuzda və postsovet məkanında keçirilir, yəni üzərimizə böyük bir məsuliyyətli iş düşür", - deyə o bildirib.

Nazir həmçinin qeyd edib ki, burada iqlim danışıqlarından başqa, ətraf mühitin mühafizəsi, ekologiyanın mühafizəsi ilə bağlı bütün digər məsələlərin də müzakirəsi üçün imkan yaradılacaq.

"Burada əsas məsələlərdən biri iqlim maliyyəsidir. İqlim gündəliyinin həlli üçün və iqlim dəyişikliyi ilə mübarizədə daha çox maliyyə resurslarının formalaşdırılmasına, ölkələr tərəfindən daha çox maliyyə yardımlarının, maliyyə fondlarına ödənişlərin təşkil olunmasına əsas müzakirə mövzusu kimi baxılacaq", - deyə M.Babayev əlavə edib.

Xatırladaq ki, 11-22 noyabr tarixlərində Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəflər konfransı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti