Bakı. Trend:
ABŞ-nin Merilend ştatının qubernatoru Ves Mur Novruz bayramı münasibətilə bəyanat imzalayıb.
Trend-in məlumatına görə, bəyanatda Novruzun yazın gəlişini və təbiətin yenilənməsini simvolizə edən qədim və şən bayram olduğu vurğulanır. Qeyd edilib ki, bu bayram artıq 3 min ildən çoxdur ki, qeyd olunur və milyonlarla insan tərəfindən tanınır. Novruz sülhü, yenilənməni və mədəni birliyi təcəssüm etdirən bayram kimi xarakterizə edilir.
“Dünyanın müxtəlif ölkələrində olduğu kimi, Azərbaycan icmaları da Novruzu özünəməxsus ənənələrlə – xeyrin şər üzərində qələbəsini simvolizə edən mərasimlər, musiqi, rəqslər, bayram süfrələri və mədəni tədbirlərlə qeyd edirlər. Merilend ştatı, azərbaycanlılar da daxil olmaqla, dövlətimizin mədəni, sosial və iqtisadi həyatına mühüm töhfə verən müxtəlif icmalara ev sahibliyi etməklə qürur duyur. Novruzun qeyd olunması bizim azərbaycanlı amerikalılar və onların icmaları ilə dostluq əlaqələrimizi daha da möhkəmləndirir. Biz Novruzu tanımaq və qeyd etməklə Azərbaycanın zəngin mədəni irsinə hörmətimizi ifadə edir və onun təbliğinə töhfə veririk”, – deyə bəyanatda qeyd olunub.
Bəyanatda 20 mart Merilenddə Novruz günü elan edilib.