Bakı. Trend:
İİV-infeksiyası spesifik əlamətləri olmayan bir infeksiyadır. Xəstəliyin dörd klinik mərhələləsi var.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, klinik mərhələlərindən asılı olaraq, İİV-ə yoluxmuş şəxslərdə müxtəlif simptomlar müşahidə oluna bilər:
“İlkin mərhələdə ümumi halsızlıq, tez yorulma, limfa düyünlərinin böyüməsi, periodik olaraq, hərarətin yüksəlməsi baş verir. Daha sonrakı mərhələlərdə isə digər ağırlaşmalar- dəri və daxili orqanların göbələk mənşəli zədələnmələri, vərəmə xas əlamətlər, bədxassəli şişlər qeyd olunur. Xəstəliyin sonuncu, dördüncü mərhələsi QİÇS sindromu, yəni Qazanılmış İmmunçatışmazlığı sindromu adlanır. Bu mərhələdə xəstələrdə onkoloji xəstəliklər, Mərkəzi sinir sisteminin zədələnməsi, ağ ciyərdən kənar üzvlərin vərəmi ilə ağırlaşmalar baş verir. Bəzən, xəstəlik illərlə gizli şəkildə, heç bir kliniki əlamətlər müşahidə olunmadan davam edə bilər və təsadüfi müayinələr zamanı qanda virus aşkarlanır”.
Direktor qeyd edib ki, İİV-ə yoluxan şəxslər 2 ildən 5 ilə qədər heç bir kliniki əlamət və simptom müşahidə olunmadan, yaşaya və virusu digər şəxslərə ötürə bilirlər:
“Buna görə də, azı ildə bir dəfə müayinədən keçməklə gizli geişata malik infeksiya zamanı da İİV status barədə məlumat əldə etmək vacibdir. Müayinələr Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə mərkəzində və regional laboratoriyalarda, könüllü müayinə məntəqələrində dövlət hesabına, ödənişsiz, anonim qaydada həyata keçirilir”.