...

Baku-Rostov qatarı insanın üstündən keçib

Hadisə Materials 8 İyun 2008 02:53 (UTC +04:00)

Azərbaycan, Xaçmaz, 07 iyun / Trend müxbir A.Qafarov/ Xaçmaz rayonunda dəmir yolunun düzgün keçilməməsi nəticəsində Qüdrət Xanlarov adlı şəxs iki ayağını itirib.

7 iyuna keçən gecə Xaçmaz rayonunun Qusarçay kənd sakini 42 yaşlı Qüdrət Xanlarov yerli stansiyada dayanacaqda duran Bakı-Rostov yük qatarının altından dəmir yolunu keçmək istəyib. Lakin bu zaman qatar yola düşüb və nəticədə Xanlarovun ayaqlarının üstündən keçib. Zərərçəkən dərhal mərkəzi rayon xəstəxanasına çatdırılıb. Burada o əməliyyat edilib. Əməliyyət zamanı Xanlarovun iki ayağı amputasiya olunub.

Xəstəxananın travmatologiya şöbəsinin müdiri Ağayar Quliyevin Trend -a verdiyi xəbərə görə, zərərçəkənin vəziyyəti ağır kimi dəyərləndirilir və hələlik onun həyatı təhlükə altındadır.

Xaçmaz rayon prokurorluğunun müstəntiqi Soltanməhəmməd İsmayılovun şənbə günü Trend -a bildirdiyinə görə, hadisəyə səbəb qayda ilə nəzərdə tutulmamış yerdə dəmir yolunun keçilməsi olub. Onun sözlərinə görə, ilkin məlumatlara əsasən zərərçəkən içkili halda idi.

Faktla əlaqədar istintaqa başlanılıb.

Xəbər lenti

Xəbər lenti