...

Bakıda təhsil ocağında baş vermiş hadisə ilə bağlı daha bir nəfər saxlanılıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 4 May 2009 20:44 (UTC +04:00)
Bakıda təhsil ocağında baş vermiş hadisə ilə bağlı daha bir nəfər saxlanılıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 04 may / Trend , müxbir K.Zərbəliyeva /

Azərbaycanda ali məktəbə silahlı basqına görə daha bir nəfər saxlanılıb. Saxlanılmış şəxs hadisəni törətmiş Fərda Qədirovla qohumluq əlaqələri olan və hadisədən əvvəl onunla müntəzəm əlaqə saxlamaqla martın 12-də Bakı şəhərinə gəlmiş Marneuli rayonunun Şulavəri qəsəbə sakini Amirov Cavidan Fərman oğludır, - Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətindən bazar ertəsi Trend -a bildirib.

Amirov Cavidanın yaşadığı mənzildə aparılmış axtarışda "AKM" avtomatına və "Makarov" tapançasına aid 12 ədəd patron, habelə 5.04 qram çəkidə narkotik vasitə olan həşiş qətranı aşkar edilərək götürülüb.

Məhkəmə-ballistik ekspertiza ilə Fərda Qədirovun üzərindən götürülmüş "Makarov" tipli tapançadan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, mərhum general-leytenant Rail Rzayevin qəsdən öldürülməsində istifadə olunması təsdiqlənməmişdir.

Trend -un arayışı: Aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb.
Atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Yaralılardan 3-ü artıq evə buraxılıb.

Hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğludur. Polis tərəfindən zərərsizləşdirildiyini görən cinayətkar özünü öldürüb.

Onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı Əliyev Nadir Şirxan oğlu öncədən saxlanılmışdır.

bəyanatda bildirilir ki, cinayəti törətmiş Qədirov Fərda Əsəd oğlu 1980-cı ildə Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində anadan olmuş, uzun müddət Rusiya Federasiyasında yaşamaqla 2008-ci ilin oktyabrında doğulduğu kəndə qayıtmışdır. 2009-cu il martın 12-də "Marneuli-Bakı" sərnişin avtobusunun sürücüsünün köməkçisi işləyən Marneuli şəhər sakini Qabulov Ariz Zahid oğlu ilə həmin şəhərdə görüşən Fərda Qədirov Bakıda kirayə mənzil axtardığını bildirib. Ariz Qabulov , paytaxtın Nizami rayonu, Çobanzadə küçəsində yerləşən , qardaşı - Marnueli şəhər sakini Arif Qabulova məxsus birotaqlı mənzili ona kirayəyə verməyə razılaşmıq, ertəsi günü onlar avtobusla Bakıya gəlmiş və Fərda Qədirov həmin mənzili təhvil almışdır.

Həmin ünvanda aparılmış axtarış zamanı mənzildən hər biri bir ədəd olmaqla 9 mm kalibrli patron, üzərində canavar təsviri olan sintetik materialdan hazırlanmış qara rəngli maska və istifadə olunmuş rezin tibb əlcəkləri aşkar edilib, götürülmüşdir.

Ariz və Ariv Qabulov qardaşlarının baş vermiş cinayətdə əlaqələrinin olub-olmaması yönümündə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Araşdırmalar göstərmişdir ki, Fərda Qədirov Qazax rayonu , Daş Salahlı kənd sakini Kazımov Mədət Qafur oğlunun adına sənədləşdirilmiş mobil telefonla Nadir Əliyevlə müntəzəm telefon əlaqəsi saxlamışdır. SOnuncu martın 15-də Bakı şəhərinə gələrək Fərda Qədirovla mütəmadi görüşmüşdir. "Nadir Əliyev yarana biləcək maneələri aradan qaldırmaq və planlaşdırılmış cinayətin həyata keçirilməsinə şərait yaratmaq məqsədilə aprelin 30-u 9.30 radələrində odlu silahla silahlanmış Fərda Qədirovla birlikdə Dövlət Neft Akademiyasının inzibati binasının qarşısına gələrək cinayətin törədilməsində iştirak etmişdir. Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təsdiqləndirilən şəxs qismində cəlb olunmuş Nadir Əliyev barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir", -deyə bəyanatda bildirilir.

DİN və Prokurorluğun birgə məlumatında bildirilir ki, prosessual araşdırmalar zamanı 300-dən artıq şahid, o cümlədən hadisəni mobil telefonlarının videokamerasına yazmış şəxslər müəyyən edilərək dindirilmiş və müvafiq videoçəkilişlər onlardan götürülmüşdir. "Maddi sübut olan giliz və güllələrin ilkin tədqiqtı nəticəsində onların yalnız bir silahdan - "Makarov" tapançasından atıldığı müəyyən edilmiş, habelə hadisə yerində digər hər hansı silah və ya giliz aşkarlanmamışdır. Aparılmış ekspert müayinələri ilə tapılmış giliz və güllələrin Fərda Qədirovun üzərindən götürülmüş "Makarov" tapançasından atıldığı, eləcə də onun cinayətdə istifadə etdiyi məhz bu silahla gicgah nahiyəsinə bir atəş açmaqla özünü öldürməsi sübuta yetirilmişdir", -deyə bildirilir.

Hadisənin şahidləri və zərərçəkmişlər Fərda Qədirovun tanınmaya təqdim edilmiş fotoşəkli əsasənda cinayətin məhz onun tərəfindən törədildiyini birmənalı olaraq göstərmişlər.

Hazırda cinayət təşkilatçılarının, təhrikçilərinin, digər iştirakçılarının və törədilmə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri intensiv şəkildə davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti