Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir M.Əliyev/
Çərşənbə günü Azərbaycanın Zaqatala rayonundakı meşələrdə baş verən yanğın ocağının yayılmasının qarşısı alınıb. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Müdafiəsi Departamentinin Zaqatala rayon şöbəsindən məlumat verilib.
Alovun yeni ərazilərə yayılmasının qarşısının alınması məqsədilə Ekologiya Nazirliyi departamentinin rayon şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Hazırda dövlət meşə fondunun 10-15 hektar ərazisi yanır. Yanğının söndürülməsində çətinliklər var, çünki yanğın çətin keçilən dağlıq ərazidə yerləşən meşə sahəsini əhatə edir. Çoxlu sayda qurumuş ağacların olması vəziyyəti çətinləşdirir.
Rusiya ilə həmsərhəd olan Zaqatala rayonunun ərazisində yanğının söndürülməsinə Ekologiya Nazirliyi departamentinin rayon şöbəsinin 400-dək əməkdaşı cəlb edilib.
Son ay ərzində Azərbaycanda bir neçə dəfə meşə yanğınları baş verib.