...

Bakıda son 3 ayda qeydə alınan yol qəzalarının yarısı piyadaların vurulması olub - yol polisi

Hadisə Materials 4 Aprel 2011 11:49 (UTC +04:00)
Bu ilin 3 ayında Bakıda qeydə alınan yol nəqliyyat hadisələrinin yarısı piyadaların vurulması olub.
Bakıda son 3 ayda qeydə alınan yol qəzalarının yarısı piyadaların vurulması olub - yol polisi

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin 3 ayında Bakıda qeydə alınan yol nəqliyyat hadisələrinin yarısı piyadaların vurulması olub.

Bu barədə Trend-ə bazar ertəsi Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqələr bölməsinin rəisi Vaqif Əsədov məlumat verib.

Əsədov bildirib ki, ilkin məlumata görə, bu ilin yanvar-mart aylarında Bakıda qeydə alınan 402 yol qəzasının 49 faizi piyadaların vurulması olub. Bu faktların böyük qismi isə piyadaların səhlənkarlığı səbəbindən baş verib.

O qeyd edib ki, hadisələr piyadaların yolu təyin olunmamış yerlərdən keçməsi zamanı qeydə alınıb.

Şöbə rəisinin sözlərinə görə, paytaxtda qeydə alınan qəzalar zamanı 81 nəfər ölüb, 430 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeydə alınan hadisələrin 49,7 faizi isə avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.

Cari ilin birinci rübündə Bakıda 75 973 halda yol hərəkəti qaydalarının pozuntusu qeydə alınıb və hərəkət iştirakçıları barəsində inzibati protokol tərtib olunub.

Qayda pozuntularından 1000-i avtomobillərin sərxoş, 139-u dövlət nömrə nişansız, 1239-u sürücülük vəsiqəsi olmadan idarə olunması, 215-i polisə tabe olmama, 3887-si işıqforun qırmızı işığını keçmə, 16 229-u yolayrıcıları keçmə qaydalarının pozulması, 51-i avtoxuliqanlıq, 174-ü avtomobillərin ötən il texniki baxışdan keçməməsi, 8959-u təhlükəsizlik kəmərindən istifadə olunmaması ilə və digər qayda pozuntuları ilə bağlıdır.

Yol polisi ötən dövrdə sükan arxasında mobil telefonla danışan 1607, avtomobili pərdə və plyonka ilə idarə edən 1101 sürücünü saxlayıb.

278 piyada isə qadağan olunmuş yerlərdən keçdiyi üçün saxlanılıb və hər biri 10 manat məbləğində cərimələnib.

Xəbər lenti

Xəbər lenti