Azərbayan, Qazax, 19 oktyabr /Trend/
Qazaxın Daş Salahlı kəndində bir ailənin üç üzvü konservləşdirilmiş pomidordan zəhərlənib. Bu barədə Trend-in bölgə müxbirinə Qazax Rayon Uşaq Xəstəxanasının baş həkimi Səməd Mustafayev məlumat verib. Onun sözlərinə görə, hadisə oktyabrın 17-də Süleymanovlar ailəsində baş verib.
Yemək zamanı konservləşdirilmiş pomidordan istifadə edilməsi nəticəsində 1991-ci il təvəllüdlü Süleymanov Məmməd Münasib oğlu, 1992-ci il təvəllüdlü Süleymanova Şəhla Münasib qızı və 1996-cı il təvəllüdlü Süleymanov Taleh Münasib oğlu zəhərləniblər. Ailənin başçısı onları Qazax Rayon Uşaq Xəstəxanasına gətirib və onlara ilkin tibbi yardım göstərilib, lakin zəhərlənmiş şəxslərin vəziyyəti sabitləşməyib. Zəhərlənmiş şəxslər oktyabrın 18-də müalicə üçün Bakıya göndəriliblər. Bakıya çatan vaxt Süleymanov Taleh Münasib oğlu təcili tibbi yardım maşınında dünyasını dəyişib.
Hazırda digər iki nəfər Kliniki Tibbi Mərkəzdə müalicə alırlar.
Qazaxda bir ailə qidadan zəhərlənib, bir nəfər ölüb
Qazaxın Daş Salahlı kəndində bir ailənin üç üzvü konservləşdirilmiş pomidordan zəhərlənib.
