Azərbaycan, Bakı, 24 oktyabr /Trend/
Türkiyənin Van əyalətində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 217 nəfərə çatıb, 1090 nəfər yaralı var. Trend-in məlumatına görə, bu barədə açıqlamasında Türkiyənin daxili işlər naziri İdris Naim Şahin bildirib.
Erciş şəhərində zəlzələdə 117 nəfərin öldüyü bildirilir, daha 100 nəfər isə Van şəhərində həlak olub.
Şahin yaralı sayının Vanda 350, Ercişdə 740 nəfər olduğunu açıqlayıb.
Dünən Bakı vaxtı ilə saat 15:41-də Türkiyənin şərqində episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı titrəyişlər Diyarbəkir, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində hiss edilib. Dağıntıların olduğu və eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir. Türkiyə mətbuatının məlumatına görə, ölənlərin sayının 1000-ə çatacağı gözlənilir.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ Azərbaycanın Naxçıvan MR-nın Sədərək, Şərur, Babək rayonlarında eləcə də Naxçıvan şəhərində 3,5-3,0 bal gücündə hiss edilib. Azərbaycan ərazisində dağıntılar yoxdur.