Azərbaycan, Bakı, 12 iyul /Trend/
Şəki rayonu, Baş Küngüt kəndi ərazisində Şəki-Oğuz yolunun 12-ci kilometrliyində "VAZ" və "Hyundai" markalı minik avtomobilləri toqquşub.
Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı avtomobildə olan 1 nəfər sərnişin - Nafilə Sevindik qızı Həsənova hadisə yerində ölüb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış, həmin avtomobilin sürücüsü və "Hyundai" markalı avtomobildə olan 2 nəfər yaralanıb.
Yaralılara vətəndaşlar tərəfindən köməklik göstərilib. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə N.Həsənovanın cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.