Azərbaycan, Bakı, 25 may /Trend/
Köməksiz vəziyyətdə qalmış 2 azyaşlı xilas edilib. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər yayıb.
Məlümatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olublar.
Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 17:36-da başa çatıb.