Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İ.İzzət/
Penitensiar Xidmətin, 3 saylı İstintaq təcridxanasının və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən həmin müəssisələrə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsində Trend-ə verilən məlumata görə, iyulun 10-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında təqsirləndirilən şəxs qismində saxlanılan Reyhun Etibar oğlu Məmmədovun müəssisəyə etapla daxil olan zaman üzərinə baxış keçirilərkən ona məxsus çantanın gizli saxlanc yerindən 6 ədəd "Nokia" markalı mobil telefon aparatı, 2 (iki) ədəd elektrik qidalandırıcısı, 1 ədəd elektrik qidalandırıcısının kəsilmiş hissəsi və 1 ədəd qulaqcıq aşkar edilərək götürülüb.
Qeyd edək ki, 1986-cı il təvəllüdlü Reyhun Məmmədov Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.5 (qəsdən tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.6 (qəsdən başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) və 66.5-ci (cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır) maddələri ilə təqsirli bilnir.
İyulun 10-da həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Gəncəli Ağakişi oğlu Allahverənovun yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Elmira Rüstəm qızı Allahverənovanın əl çantasına baxış keçirilib. Baxış zamanı 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 ədəd "Cin" nömrə kartı aşkar edilərək götürülüb.
Qeyd edək ki, 1953-cü il təvəllüdlü Gəncəli Allahverənov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hər iki fakt üzrə araşdırmalar aparılır.