Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İ.İzzət/
Penitensiar Xidmətin və 11 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Yaşar Əlibala oğlu Kərimovun yanına qısa müddətli görüşə gəlmiş oğlu Əli İslam Yaşar oğlu Kərimovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı 2 (iki) ədəd "Bonaqua" markalı plastik su qablarının içərisində spirtli içki aşkar edilərək götürülüb.
Qeyd edək ki, 1961-ci il təvəllüdlü məhkum Yaşar Kərimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2 (Vergi ödəməkdən yayınma; külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.