Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İzzət/
Bakıda cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iyulun 13-də Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Viləşov Rüfət İbadullah oğlunun yanına uzunmüddətli görüşə gəlmiş həyat yoldaşı - Qazaxıstan vətəndaşı Voloşina Svetlana Vyaçeslavovnanın üzərinə, şəxsi əşyalarına və gətirdiyi sovqata baxış keçirilib.
Baxış zamanı ağızlıqları zavod üsulu ilə bağlanmış 3 ədəd 0,5 litrlik "Bonakva" su qabının içərisinə spirt iyli mayenin doldurulması aşkar olunub və götürülüb.
Qeyd edək ki, 1962-ci il təvəllüdlü məhkum Rüfət Viləşov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 (quldurluq; külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 229.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 66-cı (cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi) maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.
Faktla bağlı araşdırma aparılır.