...

Bakıda istintaq təcridxanasına çörəyin və çay qutusunun içində marixuana və qadağan olunmuş əşyalar keçirmək istədilər (FOTO)

Hadisə Materials 22 İyul 2013 16:08 (UTC +04:00)
Penitensiar Xidmətin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə iki gün ardıcıl olaraq qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Bakıda istintaq təcridxanasına çörəyin və çay qutusunun içində marixuana və qadağan olunmuş əşyalar keçirmək istədilər (FOTO)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İzzət/

Penitensiar Xidmətin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə iki gün ardıcıl olaraq qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iyulun 20-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan 1985-ci il təvəllüdlü Rəfail İlqar oğlu Şərifova vətəndaş Orxan Şahin oğlu Xəlilovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı "Beta" çayının içərisində gizlədilmiş 7.68 qram narkotik maddə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Qeyd edək ki, Rəfail Şərifov Azərbaycan Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma), 62 (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi), 221.1 (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) və 66.3-cü (cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti on beş ildən çox ola bilməz.) maddələri ilə təqsirli bilinərək 7 ay 22 gün müddətinə azadlıqdan məhrum edilib.

Həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə iyulun 21-də 2 saylı İstintaq təcridxanasında saxlanılan 1987-ci il təvəllüdlü məhkum Elnur Tahir oğlu Orucova atası, Gəncə şəhər sakini Tahir Abuzər oğlu Orucovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı çörəyin içərisində gizlədilmiş 3 ədəd "Nokia" markalı mobil telefon aparatları, elektrik qidalandırıcısının hissəsi və bir ədəd "CİN" kart aşkar edilərək götürülüb.

Elnur Orucov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma; Bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) və 66.3-cü (Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti on beş ildən çox ola bilməz.) maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hər iki fakt üzrə araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti