Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir İ.İzzət/
Şirvan şəhərində avtomobil körpüdən aşağı yuvarlanıb, sürücü və sərnişini ağır bədən xəsarətləri alıb.
Trend Cənub TV-yə istinadən xəbər verir ki, yol-qəza hadisəsi avqustun 6-da gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 8-ci kilometrliyində qeydə alınıb. Şirvan şəhəri sakini, 1957-ci il təvəllüdlü Dəmirov Tahir Teymur oğlu idarə etdiyi "QAZ-2124" markalı "24-BE-180" dövlət nömrə nişanlı avtomobili ilə Kür çayı üzərindəki körpüyə yaxınlaşarkən qəfildən idarəetməni itirib.
Nəticədə avtomobil yolun kənarındakı metal səddi də qıraraq yoldan bir neçə metr aşağıya yuvarlanıb. Qəza nəticəsində avtomobilin altında qalan sürücü Dəmirov ağır vəziyyətdə travmatik şok və kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Avtomobildə olan sərnişin Şirvan sakini, 1982-ci il təvəllüdlü Hətəmov Asif Habil oğlu da ciddi xəsarət alıb və xəstəxanada dərhal əməliyyat olunub.
Şahidlərin bildirdiyinə görə, asfalt örtüyünün yonulması yolda sürüşkənlik əmələ gətirib ki, bu da avtomobilin yoldan çıxmasına səbəb olub.
Faktla bağlı BDYPİ-nin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.