Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İ.İzzət/
Penitensiar Xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 16-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan Rəşad Dilavər oğlu Abdullayevə vətəndaş Sayad Mirzağa qızı Əbdülbağıyevanın gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı qış geyimlərinin arasında gizlədilmiş, içərisində danışıq kartı olmayan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, 1988-ci il təvəllüdlü Rəşad Abdullayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 (Oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.3.2-ci (Oğurluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilib.
Fakt üzrə araşdırma aparılır.