...

Vergidən yayınan sahibkar barəsində cinayət işinin istintaqı tamamlanıb

Hadisə Materials 29 Yanvar 2014 14:19 (UTC +04:00)
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən araşdırılan çoxepizodlu cinayət işi zamanı sübuta yetirilmişdir ki, Beyləqan rayonunun Dünyamalılar kənd sakini Ağayev Nadir Camal oğlu 2009-2011-ci illər ərzində “Kvant-L”, “Təsərrüfat-İnventar Topdansatış”, “Kaspian”, “Baykal-N”, “İntellekt-2011”, “Berkut-2012” və digər müəssisələrin direktoru vəzifəsində işləyərkən vergiləri dövlət büdcəsindən yayındırmışdır.
Vergidən yayınan sahibkar barəsində cinayət işinin istintaqı tamamlanıb

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən araşdırılan çoxepizodlu cinayət işi zamanı sübuta yetirilmişdir ki, Beyləqan rayonunun Dünyamalılar kənd sakini Ağayev Nadir Camal oğlu 2009-2011-ci illər ərzində "Kvant-L", "Təsərrüfat-İnventar Topdansatış", "Kaspian", "Baykal-N", "İntellekt-2011", "Berkut-2012" və digər müəssisələrin direktoru vəzifəsində işləyərkən vergiləri dövlət büdcəsindən yayındırmışdır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, N.Ağayev sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda rəhbərlik etdiyi müəssisələrin maliyyə təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini də öz üzərinə götürmüş, vergi orqanlarına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilərəkdən təhrif olunmuş məlumatları daxil etməklə, eləcə də bəyannamələr təqdim etməməklə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 16.1.6, 53,1, 72, 77.3, 78.1, 177.1.3 107-110-cu maddələrinin tələblərini pozaraq ümumilikdə külli miqdar təşkil edən 1 milyon 792 min 679 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır.
Bundan başqa, N.Ağayev xüsusi razılıq (lisenziya) almadan I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin aparılması işləri ilə məşğul olaraq külli miqdar təşkil edən 150 min 913 manat məbləğində gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Beləliklə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2 -ci və 213.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir.

N.Ağayevin qeyd olunan cinayətləri törətməsi ibtidai araşdırma zamanı toplanmış təkzibolunmaz sübutlarla - ilkin mühasıbatlıq sənədləri, şahid ifadələri, tanınma protokolları, keçirilmiş baxışlar, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə təsdiq olunmuşdur. 23 dekabr 2013-cü il tarixdə N.Ağayevin təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunmuş, lakin o, bir müddət istintaqdan qaçıb gizləndiyindən qərarı ona elan etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir.

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində N.Ağayev 15 yanvar 2014-cü il tarixdə tutularaq istintaqa təhvil verilmiş və elə həmin gün Bakı şəhəri Yasasmal rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir. N.Ağayev dindirlərkən öz təqsirini boynuna almışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti