...

Bakının Lökbatan qəsəbəsində kütləvi zəhərlənmə baş verib (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Hadisə Materials 5 Mart 2014 22:32 (UTC +04:00)
Bakının Lökbatan qəsəbəsində kütləvi zəhərlənmə baş verib.
Bakının Lökbatan qəsəbəsində kütləvi zəhərlənmə baş verib (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Azərbaycan, Bakı, 5 mart /Trend/

Bakının Lökbatan qəsəbəsində kütləvi zəhərlənmə baş verib. Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, qəsəbədə 3-4 beşmərtəbəli yaşayış binasında kütləvi zəhərlənmə baş verib.

İlkin ehtimala görə, zəhərlənmə təbii qazdan olub.

Stansiyadan bildirilib ki, ilkin məlumata görə, zəhərlənmə zamanı ölən olmayıb.

Hadisə yerindən Trend-ə bildiriblər ki, 80-dən çox sakin təbii qazdan zəhərlənib. Buna səbəb qazın kəsilməsi, sonradan isə buraxılması olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) isə Trend-ə bildiriblər ki, nazirliyin mütəxəssisləri hadisə yerində müvafiq səyyar mobil labaratoriya quraşdırıblar və araşdırma aparırlar.

"Azəriqaz"dan" Trend-ə verilən məlumata görə, insanların zəhərlənməsi təbii qazın tərkibində odorant maddəsinin normadan artıq dozası nəticəsində baş verib. Bu maddə təbii qaza əlavə olunur və qazın sızmasının müəyyən edilməsində istifadə olunur.

"Azəriqaz" İstehsalat Birliyi (İB) və ARDNŞ-nin Qaz İxracı İdarəsi Lökbatan qəsəbəsində əhaliyə verilən qazın tərkibinə normadan artıq odorant maddəsinin əlavə edilməsinin səbəblərini araşdırır. Bu barədə Trend-ə Azəriqaz İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirib.

Onun sözlərinə görə, odorant maddəsinin spesifik qoxusu olur və əhaliyə verilən təbii qazın tərkibində bu maddənin çox olması insanların əhval-ruhiyyəsinə mənfi təsir göstərib: "Hal-hazırda həm "Azəriqaz" İstehsalat Birliyinin, həm də ARDNŞ-nin Qaz İxracı İdarəsinin rəhbərlikləri hadisə yerindədirlər".

Ağayev bildirib ki, zərərçəkənlərin sayı barədə dəqiq məlumatlara malik deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti