Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir E.İsmayılov/
Qazın tərkibinə odorant maddəsinin əlavə edilməsi nəticəsində baş vermiş kütləvi zəhərlənmə faktı ilə əlaqədar Lökbatan qəsəbəsinin bütün ərazisinə qazın verilişi məhdudlaşdırılıb. Bu barədə Trend-ə ARDNŞ "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirib.
Onun sözlərinə görə, qəsəbədə qazın verilişi sabah səhər bərpa olunacaq: "Vəziyyət getdikcə sabitləşir və sakinlər evlərinə qayıdır. Təhlükəsizlik məqsədilə qazın verilişi sabah tezdən bərpa olunacaq".
Qeyd edək ki, Lökbatanda azı 80 nəfər təbii qazdan zəhərlənib. İlkin məlumata görə, zəhərlənmə nəticəsində ölən yoxdur.
İnsanların zəhərlənməsi təbii qazın tərkibində odorant maddəsinin normadan artıq dozası nəticəsində baş verib. Məlumata görə, qəsəbəyə qazın verilişi dayandırılıb, bir neçə saat sonra isə yenidən bərpa olunub.
Hadisə yerində FHN mütəxəssisləri, təcili tibbi yardım briqadaları, "Azəriqaz" İB, həmçinin qəsəbə icra hakimiyyətinin nümayəndələri işləyirlər.