...

Şahdağ Milli Parkının Oğuz meşəbəyliyində baş vermiş yanğın söndürülüb

Hadisə Materials 10 Avqust 2014 17:11 (UTC +04:00)
Bir neçə gün əvvəl Şahdağ Milli Parkının Oğuz meşəbəyliyinin 8-ci dolayında yüksək dağlıq ərazidə baş vermiş yanğın 10 avqust 2014-cü il tarixində saat 12 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının ciddi səyləri nəticəsində söndürülüb.
Şahdağ Milli Parkının Oğuz meşəbəyliyində baş vermiş yanğın söndürülüb

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Bir neçə gün əvvəl Şahdağ Milli Parkının Oğuz meşəbəyliyinin 8-ci dolayında yüksək dağlıq ərazidə baş vermiş yanğın 10 avqust 2014-cü il tarixində saat 12 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının ciddi səyləri nəticəsində söndürülüb. Bu barədə Trend-ə nazirliyin mətbuat ximdətindən məlumat verilib.

Yanğının baş verdiyi ərazi yüksək dağ massivində yerləşdiyindən yanğınsöndürən maşınların əraziyə cəlb edilməsində problemlər yaranıb. Yanğının qarşısının alınmasında əsasən əl əməyindən və Fövqəladə Hallar Nazirliyinin helikopterlərinin köməyindən istifadə edilib. ETSN-in müvafiq qurumlarının əməkdaşları yanğının qarşısının alınması və közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən istifadə edərək dağ çaylarından əl əməyi ilə su daşıyıb, eyni zamanda su çiləmək üçün tutumu 20 litr olan xüsusi bel çantalarından da istifadə edib.

Bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə baş vermiş yanğın közərtilər də daxil olmaqla ümumilikdə 20 hektara yaxın ərazini əhatə edib və nəticədə 8 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.

Xatırladaq ki, yanğın təhlükəsinin ciddiliyi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları fövqəladə iş rejiminə keçib və Nazirliyin 300 nəfərdən artıq əməkdaşı, o cümlədən müvafiq departament rəhbərləri və işçi qüvvəsi artiq bir neçə gündür ki ərazidədir.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti