...

Sumqayıtda 2 aylıq körpəni oğurlayan qadının cinayət əməlinin təfərrüatları açıqlandı

Hadisə Materials 3 Sentyabr 2014 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İlkin İzzət/

Daxili İşlər Nazirliyi (DİN) və və Respublika Baş Prokurorluğu Sumqayıtda 2 aylıq körpəni oğurlayan qadının cinayət əməlinin təfərrüatlarını açıqlayıblar.

Trend xəbər verir ki, DİN və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı birgə məlumata görə, avqustun 13-də Sumqayıt şəhər sakini Aysel Əhmədova DİN-in "102" xidmətinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək həmin gün azyaşlı uşaqları ilə birlikdə şəhərdəki "Nəsimi" adına parkda olarkən 2 aylıq qızı Aylinin tanımadığı qadın tərəfindən oğurlandığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.

Müəyyən edilib ki, 2004-cü ildən Türkiyə vətəndaşı ilə ailə qurmuş X.Babayeva övladları olmadığına görə yeni doğulmuş uşaq oğurlamaq niyyətinə düşüb. Bu məqsədlə Sumqayıt şəhərində qaçqın ailələrinin kompakt yaşadıqları yerə gəlib, sakinlərə özünü "İmkansız ailələrə yardım fondu"nun nümayəndəsi kimi təqdim edərək yeni doğulmuş və köməyə ehtiyacı olan ailələrlə maraqlanıb. Orada vətəndaş A.Əhmədova ilə tanış olub, körpəsini gördükdə onu oğurlamaq qərarına gəlib. Gənc ananın inam və etibarını qazanmaq üçün özü ilə gətirdiyi ərzaq məhsullarını da həmin ailəyə verib, onlarla birlikdə parka gəzintiyə çıxıblar. Yaranmış fürsətdən istifadə edən X.Babayeva körpəni oğurlayaraq hadisə yerindən yayınıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti