ilk xəbər 9:54-də yayılıb
Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İlkin İzzət/
Goranboyda bir evdə 7 nəfər öldürülüb, iki nəfərə isə xəsarət yetirilib.
Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə oktyabrın 1-nə keçən gecə baş verib. Yaşayış evinə silahlı hücum edən şəxs 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb.
Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Goranboy Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Trend-ə bildiriblər ki, xəstəxanaya silahlı insidentlə bağlı iki xəstə daxil olub. Onlar 1986-cı il təvəllüdlü Natiq Allahverdi oğlu Məmmədov və 1984-cü il təvəllüdlü Günel Haqverdi qızı Məmmədovadır. Onların hər ikisi Goranboy rayonunun Safıkürd kənd sakinidirlər.
Məlumata görə, hər iki şəxs çoxsaylı odlu silah yaraları ilə xəstəxanaya daxil olub.
Xəstəxanadan Trend-ə bildirilib ki, hazırda hər iki şəxs cərahiyyə əməliyyatı olunur. Yaralılarda güclü qanaxma var və vəziyyətləri ağır qiymətləndirilir.
Goranboy rayon prokurorluğundan Trend-ə bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs tutulub.
O, 1978-ci il təvəllüdlü Rafiq Hüseynovdur. Məlumata görə, kütləvi qətli törədən şəxs ailənin kürəkəni olub.