Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İlkin İzzət/
Bakıdakı 7 saylı cəzaçəkmə müəssisəsinə bir neçə telefon keçirmək cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nazim Emin oğlu Acalovun yanına qısamüddətli görüşə gəlmiş bacısı - Bakı şəhər sakini Nailə Emin qızı Budaqovanın gətirdiyi sovqata baxış keçirilib.
Baxış zamanı ağ sellofana bükülmüş ət məhsulu - qaraciyərin içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd "Nokia" və 1 ədəd "Samsung" markalı mobil telefon aparatı, 1 ədəd "Nar" danışıq kartı və 4 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.
Qeyd edək ki, N.Acalov Cinayət Məcəlləsinin 120.2.1; 120.2.5; 120.2.6; 120.2.10; 177.3.2; 228.1; 234.1; 66.3; 66.5 və 93.1.4-cü maddələrinə əsasən, 15 il müddətinə azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.