Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir Elmir Murad/
Bakı metrosunun "İçərişəhər" stansiyasında ölüm hadisəsi qeydə alınıb.
Faktı Trend-ə təsdiqləyən "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, ölüm hadisəsi saat 20:59 radələrində baş verib.
Bakı sakini, 65 yaşlı Şirəliyev Əliağanın "İçərişəhər" stansiyasında eskalatora daxil olarkən vəziyyəti pisləşib: "Vəziyyəti pisləşən Bakı sakini bir müddət eskalator üzərində oturub və nəticədə keçinib. Həkimlərin ehtimalına görə, o, infarktdan ölüb. Şirəliyevin qohumlarının dediklərinə görə, o, həm də şəkər xəstəliyindən əziyyət çəkib".
Qeyd edək ki, ölən şəxsin meyiti aidiyyatı üzrə təhvil veriləcək.