...

Maşallah Əhmədov məhkəmədə dava saldı

Hadisə Materials 1 Noyabr 2016 11:09 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.
Maşallah Əhmədov məhkəmədə dava saldı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən, Bakıda mərmər satışı ilə məşğul olan şahid Müşfiq Əliyevbildirib ki, cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Yusif Əzizov bir nəfərin ona 70 min manat borcu olduğunu, əvəzində daş aldığını deyib və bunu satmağı tapşırıb: "Mən də razılaşdım, daşları bizim anbara boşaltdıq. Ağ daş 30 manata, qara daş isə 43 manata idi. Biz də bu daşların satışı ilə məşğul olurduq. 3 gündən sonra Maşallah bizim anbara gəlib dedi ki, daşlar bizimdir. Mən də daşı aldığım Fəqan adlı şəxsə zəng vurdum, bunu soruşanda o, təkzib etdi. Sonradan Fəqan mənə dedi ki, Maşallahın Yusifə borcu var və o pulu alandan sonra həmin daşları apara bilərlər. Bir müddətdən sonra Maşallah bir neçə adamla daşların böyük hissəsini gəlib anbardan apardı. Ancaq qalan daşların bir hissəsini mən satdım, 200 manatını isə Maşallaha verdim. Mən orda bildim ki, Maşallahın Yusifə borcu var".

Təqsirləndirilən şəxs M.Əhmədov isə qeyd edib ki, həmin daşları sataraq, gələn gəliri Yusiflə Əzizovla bölməyi planlaşdırıb: "İstintaqın iştirakı ilə biz 672 ədəd daşı Yusifin anbarına boşaltdıq. Amma Yusif deyir ki, bundan xəbəri yoxdur".

Y.Əzizov isə anbarına başqa daş boşaldıldığını, ona isə məhz sifariş verdiyi daşların lazım olduğunu qeyd edib.

Prosesdə M.Əhmədovla Y.Əzizov arasında mübahisə yaranıb.

Proses noyabrın 8-də davam edəcək.

Xatırladaq ki, M.Əhmədov 2015-ci il dekabrın 14-d Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq dəyərə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb.

Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti