...

Taekvandoçu qadının evini qarət edənlərin məhkəməsi başladı

Hadisə Materials 8 Avqust 2018 14:00 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Taekvandoçu qadının evini qarət edənlərin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. N.Fərəcova özünü qismən, N.İsrafilov isə özünü təqsirli bilib. N.İsrafilov oğurluğu tək etdiyini, N.Fərəcovanın bu işdən xəbərsiz olduğunu söyləyib: "Mənim Nərgizlə yaxın münasibətim var idi. O, Fəridə Əzizovagilə gedib-gəldiyini deyirdi. Mən də Fəridənin evinin açarını Nərgizdən oğurladım. Oğurluğa Aqşinlə getdim. Özü uzun müddət Rusiyada qalırdı, Azərbaycana təzə gəlmişdi. Mən ona oğurluq etməyi təklif etdim. Razılaşdı, birlikdə Fəridənin evinə getdik. Evdən seyfi oğurlayıb, Gəncəyə apardıq. Seyf balaca idi, onun qapısını Gəncədə açdıq. Seyfin içərisində 40 min var idi. Pulu yarı böldük. Sonra 9 min verib, qaçaq yolla İrana keçdim, oradan isə Türkiyəyə getdim. Üzərimdə sənədlərim olmadığı üçün Türkiyədən deportasiya olundum. Azərbaycanda da saxlanıldım".

Məhkəmədə məlum olub ki, Aqşin adlı şəxsin barəsində axtarış elan olunub.

N.Fərəcova isə dindirilən zaman hadisə barədə məlumatının olmadığını, tanışı N.İsrafilovun ondan xəbərsiz evə daxil olduğunu vurğulayıb.

O, zərərçəkmiş Fəridə Əzizovaya 53 min manat pulu geri qaytardığını bildirib: "Bizim Fəridə ilə ailəvi gediş-gəlişimiz var idi. Nicat daha əvvəl Fəridənin evinə girmək istədiyini bidirmişdi. Mən də buna görə özümü qismən təqsirli bilirəm. Nicat evin açarını məndən xəbərsiz götürüb. Fəridənin evində olan seyf barədə isə Nicata deməmişəm. Nicat evdən apardığı pullardan mənə heç nə verməyib".

Daha sonra zərərçəkmiş qismində Fəridə Əzizova ifadə verib.

O, hər iki təqsirləndirilən şəxsi daha əvvəllər tanıdığını və onların məhkəmədə verdiyi ifadələrinə inanmadığını söyləyib: "Nicat mənim o birisi evimə gəlib, amma oğurluq etdiyi evimdə olmayıb. Düzdü, Nicat onu qoruyur, amma buna inanmıram. Özüm həmin vaxt Ukraynadaydım. Evdə ev heyvanlarım var idi deyə, açarı Nərgizə vermişdim. Hətta seyfin kodunu Nərgizin bacısı Yaqut da bilirdi".

F.Əzizova evindən ümumilikdə 67 min manat məbləğində pul oğurlandığını deyib. O, həmin məbləğdən N.Fərəcovanın anasının ona 53 min manat ödədiyini bildirib: "Yerdə qalan 14 min manatımı tələb edirəm".

Zərərçəkmiş ifadəsində söyləyib ki, evindən aparılan pullar Bakıda keçirilən İslam Oyunlarında qazandığı mükafata görə verilib: "Bunu da hər kəs bilirdi".

Məhkəmənin növbəti iclası avqustun 15-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.

Hadisədən bir neçə ay sonra idmançının evindən içərisində 35 000 manat və 18 800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs edilib. Onları Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb.

Oğurluq edən N.İsrafilov F.Əzizovanın rəfiqəsinin bacısının sevgilisidir.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.6

Xatırladaq ki, F.Əzizova 2013-cü ildə dünya çempionatında və 2014-cü ildə Bakı şəhərində Avropa çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti