...

Ali Məhkəmə əsgər ölümündə təqsirləndirilən gizirin şikayətini rədd etdi

Hadisə Materials 20 Sentyabr 2018 11:30 (UTC +04:00)
Ali Məhkəmədə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Pərviz Paşayevin ölümündə təqsirləndirilən gizir Ramin Bayramovun Şirvan Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.
Ali Məhkəmə əsgər ölümündə təqsirləndirilən gizirin şikayətini rədd etdi

Bakı. Samir Əli - Trend:

Ali Məhkəmədə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Pərviz Paşayevin ölümündə təqsirləndirilən gizir Ramin Bayramovun Şirvan Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, hakim Fərhad Əliyevin sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib.

Məhkəmə Şirvan Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, 30 iyul 2016-cı il tarixdə saat 12:50 radələrində mərhum əsgər Paşayev Pərviz Paşa oğlu xidmət etdiyi bölmənin əsgərləri ilə birlikdə üzərlərində böyük təyin olunmuş gizir Bayramov Ramin Cahangir oğlunun göstərişinə əsasən, Beyləqan şəhərindən keçən Mil-Muğan su kanalının üzərində qurulmuş piyada keçidi üçün nəzərdə tutulmayan metal boruların üstü ilə kanalın bir sahilindən digər sahilinə keçmək istəyərkən müvazinətini itirərək kanala düşüb və suda boğularaq ölüb.

Faktla bağlı Füzuli rayon Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə hadisə yerinə baxış keçirilib, mərhum P.Paşayevin meyitinin xarici və daxili müayinələri aparılıb, çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-trasoloji ekspertizaları təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib. Mərhum əsgər P.Paşayevin meyitinin xarici və daxili müayinələrinin nəticələrinə dair məhkəmə-tibb ekspertinin gəldiyi ilkin qənaətə görə, onun ölümünə səbəb suda boğulması olub.

İstintaq zamanı gizir Bayramov Ramin Cahangir oğlunun Cinayət Məcəlləsinin 342.2-ci (rəisin öz xidməti borcuna səhlənkar yanaşması ağır nəticələrə səbəb olduqda) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunduğundan, ona 2 avqust 2016-cı il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan olunub və Füzuli rayon Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Füzuli Hərbi Məhkəməsi P.Paşayevin ölümündə R.Bayramovun günahının olmadığı qənaətinə gəlib və onun barəsində bəraət hökmü çıxarıb. Məhkəmənin hökmü ilə o, məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmənin hökmü ilə razılaşmayan qarşı tərəf apelyasiya şikayəti verilib.

Şirvan Apellyasiya Məhkəməsi şikayəti araşdırıb və Füzuli rayon Məhkəməsinin hökmünü ləğv edərək gizir R.Bayramov təqsirləndirilən şəxs qismində cəlb edilərək 3 il 6 ay azadlıqdan məhrum olunub.

Qeyd edək ki, gizir R.Bayramov 2016-cı ilin aprel ayında cəbhədə erməni hərbi birləşmələrinin törətdiyi təxribatın qarşısının alınmasında iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti