Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ələkbər Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ə.Abdullayev 13 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il avqustun 8-də Bakının Xəzər rayonu Binə qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Abdullayev Ələkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində bıçaqlayıb.
Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Ə.Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub.