...

Bakıda doğranmış meyiti tapılan qadını qayınatası qətlə yetirib

Hadisə Materials 28 Yanvar 2021 11:11 (UTC +04:00)
Bakıda doğranmış meyiti tapılan qadını qayınatası qətlə yetirib

Bakı. Samir Əli - Trend:

Bakıda zibil qutusunda meyiti tapılan qadını qətlə yetirən şəxsin kimliyi məlum olub.

Trend-in məlumatına görə, yanvarın 27-də Nəsimi rayon ərazisində zibil qutusunda tapılan meyitin 1989-cu il təvəllüdlü Banu Məmmədova olduğu müəyyən edilib. Məlum olub ki, qadın qayınatası İdris Məhərrəmovla bir evdə yaşayıb və qətl hadisəsini də məhz İ.Məhərrəmov törədib. Məlumata görə, İ.Məhərrəmov gəlinini yatdığı yerdə evdə tək olarkən qətlə yetirərək hissələrə ayırıb. Daha sonra isə o izi itirmək üçün qadının meyitini torbalara yığıb yaxınlıqdakı zibil qutusuna atıb.

Qətlə yetirilən B.Məmmədovanın həyat yoldaşı xarici ölkələrdən birində olduğundan o qayınatası və qayınanası ilə birlikdə yaşayırmış.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

Nəsimi rayon Prokurorluğun yaydığı məlumatda qeyd olunub ki, yanvarın 27-də saat 01 radələrində Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd selofan torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cinayət işi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti