...

Ötən ilin 9 ayı ərzində yol qəzalarında 504 nəfər ölüb

Hadisə Materials 18 Fevral 2021 17:04 (UTC +04:00)
Ötən ilin 9 ayı ərzində yol qəzalarında 504 nəfər ölüb

Bakı. Samir Əli - Trend:

Ötən ilin 9 ayı ərzində ölkədə 1145 yol - nəqliyyat hadisəsi baş verib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, baş verən yol qəzaları 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz az olub. Hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1527 nəfər olub. Onlardan 504-ü həlak olub, 1023-ü isə yaralanıb. Hadisələrin 41,7 faizi gündüz, 38,3 faizi gecə, 20,0 faizi isə toran vaxtı baş vermiş, 29,8 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,3 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən həlak olanların sayı 1,5 faiz azalaraq 393 nəfər, yaralananların sayı 16,2 faiz azalaraq 951 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 41,6 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 24,3 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81,3 faizi, yaralananların isə 75,3 faizi kişilər olub.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 17 hadisə baş verib, nəticədə 10 nəfər həlak olub, 14 nəfər yaralanıb. Hadisələrin 82,4 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti