Bakı. Trend:
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vilayət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, şahidlər məhkəməyə məktub göndərib və prosesdə iştirak edə bilməyəcəklərini deyiblər.
Təqsirləndirilən şəxs bildirib ki, 14 il ərzində ailəsi ilə aralarında heç bir problem olmayıb.
"Əziyyətlə ailəmi dolandırmışam. Heç vaxt ailəmi başqasına möhtac olmağa qoymamışam. Nə ailəmlə, nə də qayınatamın ailəsi ilə heç vaxt problemim olmayıb. İşdi, gəlib başıma" - deyə təqsirləndirilən şəxs bildirib.
Zərərçəkmiş, mərhum Aliyə Məmmədovanın atası bildirib ki, o şikayətçidir və təqsirləndirilən şəxsə ağır cəza verilməsini istəyib:
"Qoy desin, qızımı niyə öldürüb? Aydınlıq gətirsin. Mən şikayətçiyəm və qızımın qatilinə ağır cəza istəyirəm".
Proses martın 30-da davam etdiriləcək.
Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrında paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Aliyə Məmmədova yaşadığı evdə əri, 1985-ci il təvəllüdlü V.Məmmədov tərəfindən öldürülüb.
Hadisəyə cütlüyün şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə səbəb olub. Belə ki, V.Məmmədov A.Məmmədovanı dəmir məftillə boğaraq qətlə yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. V.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.