...

Külli miqdarda dələduzluqda təqsirləndirilən BSU-nun sabiq şöbə müdirinin məhkəməsi olub

Hadisə Materials 26 Aprel 2022 12:04 (UTC +04:00)
Külli miqdarda dələduzluqda təqsirləndirilən BSU-nun sabiq şöbə müdirinin məhkəməsi olub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) sabiq şöbə müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Afaq Saatova deyib ki, əlavə təhsil almaq üçün təqsirləndirilən şəxsə birinci il üçün 1500 manat pul versə də, ödəniş sistemə oturmayıb:

"Pulu şəxsən Dürdanə xanıma verdim. Dedi sistemdə problem var ona görə nağd şəkildə ödəməlisən. Bir neçə ay sonra zəng etdilər ki, sizin ödənişiniz daxil olmayıb. 1500 manat təhsil haqqını Dürdanə Əliyevaya vermişəm, mənimsəyib. Dəymiş ziyanın ödənilməsini tələb edirəm."

İlk təhsilini Gürcüstanda alan digər şahid Xuraman Rüşdüova isə təqsirləndirilən şəxslə razılığına görə 3 illik təhsil müddətini 2 ilə bitirməli imiş. Şahid deyib ki, verdiyi 2 min manat təhsil ödənişi sistemə daxil olmadığı üçün hazırda universitet tərəfindən təhsili dondurulub:

"Universitetdən zəng edib dedilər ki, sizin borcunuz var, gəlin illiyi ödəyin. Məndə ödəyə bilmədim. Sonradan dedilər təhsiliniz dondurulub. Bəlkə də qovublar..."

Proses mayın 16-da davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti