Bakı. Trend:
Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Rövşən Nəsirov, Şəadət Məmmədov, Babək Məmmədhüseynov və Rafiq Muradov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman narkotik vasitə olan “heroin”, və “marixuana” aşkar edilərək götürülüb.
Bundan başqa, polis şöbəsinə rayonun Poylu qəsəbəsi
yaxınlığındakı ərazidə silah-sursat olması barədə məlumat daxil
olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq
tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı oradan 5 ədəd
müxtəlif marka və kalibrli ov tüfəngi, 73 ədəd pulemyot patronu, 14
ədəd 7.62 mm-lik, 138 ədəd 5.45 mm-lik avtomat patronu, 81 ədəd boş
giliz və 2 ədəd “F1” əl qumbarası aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.