Bakı. Trend:
Bərdədə sürücü polisin əlindəki bort komputeri alaraq qaçmağa cəhd göstərib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, sosial şəbəkələrdə Bərdə rayonunda polis əməkdaşları ilə sürücü arasında mübahisəni əks etdirən görüntülər yayılıb.
Rayon Polis Şöbəsinin Dövlət Yol Polis əməkdaşlarının
keçirdikləri tədbirlər zamanı yolun sağ hərəkət hissəsində
dayanma-durma qadağandır nişanının tələbini pozan, üzərində əlavə
avadanlıq quraşdırılmış "Qaz-24" markalı avtomobil müəyyən edilib
və müvafiq qaydada protokol tərtib edib. Bu vaxt bir nəfər şəxs
polis əməkdaşına yaxınlaşaraq əlindəki bort komputeri alaraq
qaçmağa cəhd göstərib. Polis əməkdaşları tərəfindən həmin şəxsdən
bort komputer geri alınıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, bort komputeri polis
əməkdaşının əlindan alaraq qaçan şəxs rayon məhkəməsində sürücü
vəzifəsində çalışan Telman Həsənovdur.
Araşdırmalar davam etdirilir.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.