Bakı. Trend:
“Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb həyatını itirən 28 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı açılan cinayət işi üzrə həbs olunmuş Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəməsi keçirilib.
Trend xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Azər Cümşüdovun vəkili Anar Ramazanov məhkəməyə vəsatət verib.
Vəkil məhkəməyə müvəkkilinin ittiham olunduğu cinayət işi üzrə təqsirli olmadığını bildirib:
“İş istintaq dövründə düzgün araşdırılmayıb. Təqdim edilən bəzi sənədləə lazimi hüquqi qiymət verilməyib. Hadisə baş verməzdən əvvəl çökmə olan yer aşkar edilib və bərk materiallarla çərçivəyə salınaraq lentlənib.
Vəkil əlavə edib ki, oranın bərpası üçün təqsirləndirilən şəxsin birbaşa səlahiyyəti olmayıb:
“İş materiallarına nəzər yetiriləndə görünür ki, ibtidai istintaq zamanı 10-a yaxın məsələ araşdırılmayıb. Bu məsələlərində araşdırılması məhkəmə predmetinə aid deyil. Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən bu məsələlər məhkəmə istintaqı zamanı araşdırılması mümkün deyil”.
“Bunun üçün işə məhkəmə istintaqı zamanı araşdırılmasına xitam verilməli, yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılması barədə məhkəmədən xahiş edirəm”,- vəkil əlavə edib.
Təqsirləndirilən Azər Cümşüdov vəkili ilə razılaşıb.
Zərərçəkmiş tərəfin vəkili vəsatətə etiraz etməyib və qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirib.
Dövlət ittihamçısı vəsatətə etiraz edib və təmin edilməməsini istəyib.
Məhkəmə vəsatətin təmin edilməməsi və cinayət işinin baxışa verilməsi barədə qərar qəbul edib.
Məhkəmənin növbəti proseso 23 dekabrda davam etdiriləcək.
Qeyd edək ki, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.
Aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.
Azər Cümşüdov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.
