Bakıda avtomobil oğurluğunun sayı əvvəlki illərə nisbətən xeyli azalıb. Bu barədə Trend ə Bakı şəhər DYPİ hərəkətin təhlükəsizliyinin təbliği şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq hazırda avtomobil hissələrinin satışı ilə məşğul olan ayrı-ayrı fərdi mağazalar daim hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Bu da avtomobil oğurlayıb hissələrini satmaq fikrinə düşənlərə mane olur.
Son 3 ay ərzində Bakı şəhəri ərazisində oğurlanmış 41 avtomobildən 35-nin yeri yol polis əməkdaşları tərəfindən müyəyyən edilərək tapılıb və sahibinə qaytarılıb. "41 avtomobildən 35-nin tez bir zamanda tapılıb sahibinə qaytarılması yüksək göstəricidir" - deyə V.Əsədov söyləyib.
Tapılmayan avtomobillər barədə isə axtarış tədbirləri davam etdirilir. Avtomobil oğurluğu hadisələri əsasən gecə saatlarında baş verir. Belə avtomobillərlə bağlı aparılan araşdırmalar zamanı məlum olur ki, bu avtomobillər əksər hallarda eyni üsuldan istifadə olunmaqla oğurlanır. Tapılmış avtomobillərin kim tərəfindən oğurlandığı müəyyən edildikdən sonra həmin şəxslər məsuliyyətə cəlb olunublar. Bəzi cinayətkralar isə hələ də axtarışdadır.